Twente Universitetində TEMPUS - SESREMO layihəsi çərçivəsində təlimlər

10/06/2015

May ayının 25-dən İyun ayının 6-na kimi Hollandiyanın Ensxede şəhərinin Twente Universitetində TEMPUS - SESREMO (Strengthening Education in Space-based REMOte sensing for monitoring of eco systems) layihəsi çərçivəsində təlimlər keçirilmişdir. Bu təlimdə İsrail və Qazaxıstan Respublikalarının ali tədris müəssisələrinin və elmi tədqiqat institutlarının nümayəndələri ilə yanaşı Bakı Dövlət Univeristetinin Coğrafiya fakültəsinin doktorantları Nuriyev Anar və Sadıxova Nigar iştirak etmişlər. Təlimdə Coğrafi İnformasiya Sistemləri və Məsafədən Zondlamanın tədbiqi ilə daşqın və quraqlığın, suyun keyfiyyətinin və ekosistemin idarə olunması mövzusunda mühazirələr oxundu. Universitetin nəzdində fəaliyyət göstərən GEONETCAST laboratoriyalarına baş çəkildi və onun fəaliyyəti haqqında məlumat verildi. Çay ekosisteminin bərpası üçün həyata keçirilən əraziyə sahə səfəri təşkil olundu.
Xatırladaq ki, layihə çərçivəsində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində GeoNetCast laboratoriyasının qurulması və kosmik qəbuledicinin istifadəyə verilməsi planlaşdırılır. Bu laboratoriyadan tələbələr, magitrantlar və  tədqiqatçılar kosmik şəkillərdən istifadə edə biləcəklər. Layihəyə cəlb olunan Azərbaycan, Almaniya, Hollandiya, Estoniya, İsrail və Qazaxıstan Universitetləri arasında məlumat mübadiləsi planlaşdırılır.

Bookmark and Share