Novruz bayramına həsr olunmuş tədbir
18/03/2022
Bakı Dövlət Universiteti (BDU) Coğrafiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Novruz gəlir, yaz gəlir" adlı tədbir keçirilib.
Tədbiri açıq elan edən Mədinə Rüstəmova Novruz bayramının digər bayramlar arasında xüsusi yerə malik olmasına diqqət çəkib, bayramın tarixi və xalqımız üçün əhəmiyyəti barədə məlumat verib. Sonra söz Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədovaya verilib. Ş.Məmmədova Novruz bayramı, çərşənbələr və onların insan həyatına təsirini coğrafi cəhətdən izah edərək, bu dövr ərzində təbiətdə baş verən oyanma və yenilənmə proseslərdən danışıb. O, Novruz bayramının xalqımız üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb və tezliklə bu bayramı işğaldan azad olunmuş ərazilərimizdə qeyd edəcəyimizi bildirib. Daha sonra BDU THİK sədri Hacıbaba Mustafayev çıxış edib. O, bayramın insanların həyatına yeni rəng qatmasından, özü ilə birgə dəyişikliklər gətirməsindən bəhs edib.
Çıxışların ardınca Coğrafiya THİK heyətinin hazırladığı bayram səhnəcikləri təqdim olunub. Nazilə Əsgərovanın canlandırdığı "Bahar qızı" obrazı ilə başlayan bədii hissə, daha sonra "Şən Azərbaycan" xor ifası ilə davam edib. Sonra Nurlan İbrahimxəlilov və Amil Məmmədovun iştirakı ilə "O olmasın, bu olsun" filmindən fraqment canlandırılıb.
Daha sonra Ziba Həsənova Nəlbəki rəqsi ilə çıxış edib, Cavid Əhmədov isə Müslüm Maqomayevin Azərbaycan mahnısını ifa edib. Xalqımızın bayram adəti olan haxışta oyunu "Qız evi" və "Oğlan evi" tərəflərindən təqdim olunub. Sonda Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova tədbirin təşkil olunmasında əziyyət çəkən Coğrafiya fakültəsi THİK sədri Asif Abdulalimova öz təşəkkürünü bildirib.
Tədbir Yallı rəqsi və oyun havaları ilə yekunlaşıb.


