ELAN
09/09/2021Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi 24 Noyabr 2021-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri” mövzusunda Respublika Elmi-praktiki Konfransı keçirəcəkdir.
Respublika Elmi-Praktik konfransının keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında işğaldan azad olunmuş ərazilərdə təbii şəraitin qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının təhlükəsizliyi yollarının elmi təhlilinin aparılması, işğaldan azad olunmuş ərazilərdə sənaye və kənd təsərrüfatının inkişafı, sosial infrastruktur sahələri, turizm –rekreasiya və nəqliyyat kommunikasiya sisteminin bərpa etdirilməsi məqsədi ilə ərazilərin aerokosmik, peyk və CİS texnologiyalarından istifadə əsasında topoqrafik-geodezik-kartoqrafik təminatı, bu ərazilərdə əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması və davamlı inkişafın təmin olunması istiqamətində digər məsələlərin öyrənilməsindən ibarətdir.
KONFRANSIN ƏSAS MÜZAKİRƏ İSTİQAMƏTLƏRİ
- Davamlı inkişafın təmin fiziki coğrafi və ekoloji problemləri;İşğaldan azad edimiş ərazilərdə davamlı inkişafın nail olunmasının əsas iqtisadi-coğrafi hədəfləri;
- İşğaldan azad edimiş ərazilərdə davamlı inkişafın təmin olunmasında demoqrafik vəziyyətin təhlili;
- Davamlı inkişaf və su ehtiyatlarının idarə olunması;
- İşğaldan azad olunmuş ərazilərdə davamlı inkişafın topoqrafik-geodezik-kartoqrafik təminatı;
- Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi.
KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ
Konfransda iştirak etmək arzusunda olanlar nəzərdə tutulan məruzələrin tezislərini 10 oktyabr 2021-ci il tarixinə qədər [email protected] ünvanına gördərməlidirlər.
Tezislər A4 formatında, hər tərəfdən 2.5 sm, interval 1.5, şrift Arial olmaqla 12 pt, 1-2 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərində təqdim edilməlidir. Tezisin adı konfransın əsas müzakirə istiqamətlərinin adı ilə eyni adlandırıla bilməz.
Tezisin tərtibi üçün nümunə:
Mövzunun adı;
Müəllifin adı, atasının adı, soyadı;
Elmi dərəcəsi, vəzifəsi;
Təmsil etdiyi müəssisənin adı;
Telefon və e-mail;
Tezisin mətni (metodika; nəticə və acar sözlər əlavə olunmalıdır)
Konfransın tələblərinə cavab verən tezislər haqqında məlumat 20 oktyabr 2021-ci il tarixinədək veriləcəkdir. Məqalənin yazıldığı dil nəzərə alınaraq digər iki dildə qısa xülasə verilməlidir. Müsbət rəy verilmiş tezislər əsasında hazırlanmış məqalələr 01 noyabr 2021-ci il tarixinə qədər 5-8 səhifə həcmində olmaqla qeyd edilən texniki şərtlərə uyğun şəkildə [email protected] ünvanına göndərilməlidir.
Məqalə və çıxışlar müasir dövrün tələblərinə cavab verməli, elmi araşdırmalarda innovativ və kreativ yanaşma olmalı və praktik əhəmiyyət göstərilməli, elmi müddəalarla əsaslandırılmalıdır. Məqalənin sonunda istifadə olunmuş ədəbiyyatın siyahısı göstərilməlidir. Məqalədə istinad olunmuş ədəbiyyat [1, s 88 ] kimi verilməlidir.


