Coğrafi məlumatlar bazasının yaradılmasında tətbiqi proqramlardan istifadə” mövzusunda konfrans
08/05/20158 May 2015-ci il tarixində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialı, Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Coğrafi məlumatlar bazasının yaradılmasında tətbiqi proqramlardan istifadə” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri dosent Əfqan Talıbov konfransın məqsəd və vəzifələri haqqında iştirakçıları məlumatlandırdı. Konfrans başladıqdan sonra Şuşa şəhərinin müdafiəsi zamanı şəhid olanlar 1 dəqiqəlik sükutla yad edildi. Dos. Ə.T. Talıbov konfransda qonaq qismində iştirak edən şəxsləri təqdim etdikdən sonra TEC-in 15 üzvü tərəfindən hazırlanan “Azərbaycanın inzibati rayonlarının coğrafi səciyyəsi” adlı kitabın təqdimatını etdi və kitabın hazırlanması haqqında iştirakçıları məlumatlandırdı.
Dos. Ə.T.Talıbovun çıxışından sonra söz Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Teymur Osmanova verildi. T.Osmanov kitabın təqdimatı münasibəti ilə müəllif tələbələri təbrik etdikdən sonra “Azərbaycanda su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin tətbiqi” mövzusunda çıxış etdi.
Konfransda qonaq qismində iştirak edən BDU Coğrafiya fakültəsinin Sosial İqtisadi Coğrafiya kafedrasının müdiri prof. Tapdıq Həsənov çıxışında təqdim olunan kitab üzərində işləyən tələbələri təbrik etdi və müstəqil Azərbaycanın Coğrafiya elminin gələcəyi olan tələbələrin hazırladığı kitabın ölkə üçün vacib olduğunu bildirdi.
Konfransın digər qonağı Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov konfransın keçirilməsi münasibəti ilə iştirakçıları təbrik etdi və kitab layihəsinin gələcək nəsillər üçün bir örnək olduğunu vurğuladı.
Xarici ölkələrin iqtisadi sosial coğrafiyası kafedrasının müdiri Həbibə Soltanova qonaqları salamladı və iştirakçıları təbrik etdi. Konfransda qonaq qismində iştirak edən dos. Şəkər Məmmədova edilən təbriklərə qoşularaq, bu kitab layihəsinin Azərbaycanın Coğrafiya elmi sahəsində ilk olduğunu vurğuladı və tələbələrin fəaliyyətində uğurlar dilədi.
Konfransın sonunda “Azərbaycanın inzibati rayonlarının coğrafi səciyyəsi” kitabının ərsəyə gəlməsində iştirak edən tələbələr : İsmayılova Mənsurə, İsmayılov Şəhriyar, Tarverdiyeva Nərgiz, Babayeva Leyla, Qarayeva Esmira, Osmanov Fərid, Novruzova Gülər, Zeynalov Fərid, Əhmədova Şəmsiyyə, Əliyeva Turanə, Məmmədova Zeynəb, Cəbiyev Eltac, Hüseynova Nigar, Hüseynli Leyla, Abbaszadə Fatimə təşəkkürnamə ilə təltif edildi. Daha sonra “ilin ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin qalibləri sertifikatlarla təltif edildi.
Konfrasın sonunda TEC-in sədr müavini Eltac Cəbiyev Tələbə Elmi Cəmiyyətinin tərkibində fəaliyyət göstərən təlim mərkəzində planlaşdırılan təlimlər haqqında və növbəti fəaliyyət haqqında məlumat verdi.
![]() |
![]() |
|
|
![]() |
![]() |
![]() |
|
![]() |
|


