BDU-nun SABAH qruplarının tələbələri Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində olublar
15/11/2018Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin SABAH qruplarının 4-cü kurs tələbələri Ələt qəsəbəsində yerləşən Yeni Bakı Dəniz Ticarət Limanı Kompleksində ekskursiyada olublar. İqtisadi və sosial coğrafiya kafedrasının müəllimləri – Sahilə Allahverdiyeva, Mətanət Musayeva, Natavan Cəfərova və Polad Orucovun rəhbərliyi altında baş tutan ekskursiya müddətində Bərə terminalının müdiri Elimdar Kərimov yeni limanın əməliyyat imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda limanın inşasının birinci fazası üzrə işlər yekunlaşdırılıb, terminalda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Bərə Terminalına məxsus 13 bərə, 4 açıq anbar sahəsi, 12 yanalma körpüsü var, ümumi anbar tutumu isə 800 min konteynerdir. Liman kompleksində işlərin böyük əksəriyyəti avtomatlaşdırılıb, yeni kranlar, yedək gəmiləri, yükqaldırıcı və yüknəqledici avadanlıqlar alınıb. E.Kərimov deyib ki, Ələtdə tikilən Yeni Liman karbon tullantılarının həcmini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə Yaşıl Liman statusunu əldə etməyə çalışır və bu məqsədlə əməliyyatlar zamanı yaranmış bütün tullantıların idarə edilməsi, emalı və kənarlaşdırılmasına imkan yaradacaq tərzdə layihələndirilib. Almaniyadan gətirilmiş qurğular və avadanlıqlarla təmin olunacaq yeni Bakı Limanını regionun ən müasir və texnoloji cəhətdən qabaqcıl limanı adlandırmaq olar.
Daha sonra tələbələr liman kompleksi ərazisində yerləşən bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, dəmiryolu xətləri, müxtəlif inzibati binalar, gömrük məntəqəsi, açıqsaxlama sahəsi, anbarlar, konteyner meydançası və digər infrastruktur tikililər ilə tanış olublar. Ekskursiya zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
![]() |


