BDU-nun Coğrafiya fakültəsinin əməkdaşları seminarda çıxış ediblər
02/10/2017Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə “Avropa İttifaqının Su Təşəbbüsü” (EUWI + EAST) layihəsi çərçivəsində Fransanın IOWater (Beynəlxalq Su Ofisinin) tərəfindən Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçiliyi (SEİİ) üçün məlumatların idarəçiliyinə dair təlim keçirilib. Qərb universitetində keçirilən seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqalədə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin və digər qurumların nümayəndələri, o cümlədən Bakı Dövlət Universitetinin əməkdaşları da iştirak ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İsa Əliyev, Mütəllim Əbdülhəsənəv və Mətanət Avazova çıxışlarında bildiriblər ki, seminarın əsas məqsədi Çay Hövzəsinin İdarəçiliyi (ÇHİ) Planlarının hazırlanması üçün zəruri olan məlumatları emal edən qurumları bir araya gətirmək, onlar arasında səmərəli məlumatlar mübadiləsinə və sıx əməkdaşlığa nail olmaqdır.
Seminarın proqramını şərh edən layihənin Azərbaycan üzrə təmsilçisi Rafiq Verdiyev qarşıda duran hədəflər barədə məlumat verib. Layihə tərəfindən hazırlanan məlumatlar bazasının ilkin versiyasına dair təqdimat ekspertlər - Paul Haener, Zurab Cinçaradze, Marta Boyko tərəfindən təqdim edilib.
Seminarda BDU-nun Coğrafiya faükltəsinin əməkdaşları - Anar Nuriyev və Aytən Məhərrəmova çıxış edərək BDU-nun ölkənin su sektoruna lazımi töhfə verdiyini, univerisitetin Coğrafiya fakültəsində Avropa Birliyinin Su Çərçivə Direktivinin tələblərinə və Su Ehtiyatlarının İnteqrasiyalı İdarə Edilməsi prinsipinə əsaslanan müxtəlif tədris proqramları üzrə bakalavr, magistr və doktorantların hazırlandığını və universitetin müəllim-tələbə kollektivi tərəfindən müvafiq elmi tədqiqatlar aparıldığını bildiriblər.
Sonda seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.
![]() |
![]() |
![]() |
![]() |


