ABŞ-da Su ehtiyatlarının idarə olunması təcrübəsi
06/07/20152014-cü ilin oktyabr ayında YUNESKO və ABŞ-ın Dövlət Departamenti Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün “ABŞ-da Su ehtiyatlarının idarə olunması təcrübəsi” adlı müsabiqə elan etmişdi. Müsabiqədə 5000-dən çox hidroloq mütəxəssis iştirak etmiş və onlardan 10 nəfər qalib seçilmişdi. Qaliblər Azərbaycanla yanaşı Litva, Serbiya, Albaniya, Makedoniya, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan və Tacikistan təmsilçiləri idi. BDU-nun Coğrafiya fakültəsinin doktorantı Nuriyev Anar müsabiqənin Azərbaycan üzrə qalibi oldum.
Tədbir iyun ayının 18-dən iyul ayının 1-nə kimi davam etdi. İlk görüş Fransanın Paris şəhərində YUNESKO-nun Baş Ofisində keçirildi. Dəyirmi masada qaliblər təqdim olundu, tədbirə həmçinin qalib ölkələrin YUNESKO-dakı səlahiyyətli nümayəndələri dəvət olunmuşdular.
Tədbirin ikinci hissəsi ABŞ-da davam etdirildi. İlk olaraq paytaxt Vaşinqtonda, daha sonra İllinois ştatının Çikaqo şəhərində və Kaliforniya ştatının Los-Angeles şəhərində görüşlər keçirildi. Görüşlərdə ABŞ-da su qanunvericiliyi, transsərhəd razılaşmalar, su ehtiyatları, daşqın və quraqlığın idarə olunması, suların təkrar istifadəsi və su ekosisteminin qorunması, iqlim dəyişmələrinə adaptasiya məsələləri müzakirə olundu. Həmçinin, Çikaqonun İllinois Texniki Universitetinin professor heyəti və Los Angelesdə su sektorunda təhsil alan gənc doktorantlarla görüşlər keçirildi.
Sonda ABŞ-ın Dövlət Departamentinin nümayəndələri ilə bütün iştirakçılar arasında görüş keçirildi, yekün fikirlər dinlənildi və sertifikatlar təqdim olundu.


