22 Mart Dünya Su Günü
18/03/201418 Mart 2014-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində 22 Mart Dünya Su Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Azərsu ASC, Meliorasiya və Su Təsərrüfatı ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar qurumların əməkdaşları iştirak etmişlər.
Tədbiri Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, YUNESKO-nun Beynəlxalq Hidroloji Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri prof. F.Ə.İmanov açdı və tədbirə dəvət olunmuş qonaqları təqdim etdi. O, həmçinin qeyd etdi ki, 22 Mart Dünya Su Gününün qeyd olunması BDU-nun Coğrafiya fakültəsində bir ənənədir. O, eyni zamanda suyun təbiətdə və cəmiyyətdə rolu haqqında ətraflı məlumat verdi. Dünya Su Gününün keçirilməsinin əhəmiyyətinə toxundu və tələbələrin bu ixtisası seçməsində heç də yanılmadıqlarını onların diqqətinə çatdırdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov Azərbaycanın transsərhəd su ehtiyatları, ölkənin su qanunvericiliyi və su siyasəti haqqında danışdı.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin “Elm, ekspertiza, layihə və beynəlxalq əlaqələr” departamentinin rəisi dos. Məhəmməd Əsədov suyun əhəmiyyəti, respublikamızda tikilməkdə olan və layihələndirilən su anbarları, kanallar, eləcədə də Azərbaycanın Qlobal Su Əməkdaşlığı Beynəlxalq Təşkilatında rolu haqqında ətraflı məlumat verdi.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin digər nümayəndəsi dos. Teymur Osmanov çıxışında əsas diqqəti Azərbaycanda su ehtiyatlarının inteqrasiyalı idarə olunmasına üzrə tədbirlər planına yönəltdi.
Azərsu ASC-nin “Tikilməkdə olan obyektlər müdiriyyəti”nin direktor müavini texnika elmləri doktoru Əhməd Məmmədov Dünya Su Gününün niyə məhz 22 Mart tarixinə-yaz gecə-gündüz bərabərliyinə təsadüf etməsini vurğuladı. Daha sonra o, təmsil etdiyi təşkilatın həyata keçirdiyi Azərbaycanda kiçik şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri layihəsi və onların icrası haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Azərsu ASC-nin Sukanal layihə institutunun direktor müavini geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov Azərbaycanın içməli su mənbələrinin qısa səciyyəsini verdi.
Avropa Birliyinin “Beynəlxalq çay hövzələrində ətraf mühitin mühafizəsi” layihəsinin Milli Əlaqələndiricisi dos. R.H.Verdiyev adı çəkilən layihənin məqsədi, vəzifələri və artıq yerinə yetirilmiş işlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
Tədbirin sonunda müxtəlif təşkilatların nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar və xatirə çəkdirdilər.


