Coğrafiya fakültəsinin əməkdaşları Almaniyada ali təhsil sahəsində təlimlərdə iştirak ediblər
01/04/2016Təlimlər Avropa Birliyinin Tempus proqramı üzrə həyata keçirilən “Azərbaycan, İsrayil və Qazaxıstanda ekosistemlərin monitorinqi məqsədilə məsafədən zondlama sahəsində təhsilin gücləndirilməsi” çərçivəsində baş tutmuşdur.
Sözügedən layihə 2014-cü ilin yanvarında start götürüb və cari ilin sonunda başa çatacaq. Layihəni Almaniyanın Berlin Texniki Universiteti koordinasiya edir. Layihədə Azərbaycandan Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Milli Aviasiya Akademiyası, Hollandiyanın Tvente Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti, İsrayildən Tel-Aviv Universiti, İsrayil Texnologiya İnstitutu və İyerusalim Mühəndislik Ali Məktəbi, Qazaxstandan isə - Əl-Farabi Milli Universitet, Qumilyov adına Avrasiya Milli Universiteti və Qorqut Ata adına Qızılorda Dövlət Universiteti iştirak edirlər. Layihənin əsas məqsədi baxılan sahədə akademik səviyyədə təhsilin gücləndirilməsidir.
2016-cı ilin 20-27 mart tarixlərində Berlin Texniki Universitetində və Humbolt Universitetində növbəti təlimlər keçirilmişdir. Keçirilən təlimlərdə Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı professor Fərda İmanov, fakültənin doktorantı Aytən Məhərrəmova, Biologiya fakültəsinin dekan müavini b.ü.f.d Səbinə Ömərova, fakültənin dosenti Yaşar Ömərov iştirak etmişlər. Təlimlərdə həmçinin Sumqayıt Dövlət Universiteti və Milli Aviasiya Akademiyasının və digər ölkələrin də nümayəndələri də təmsil olunmuşlar. Təlimlərdə yeni tədqiqat ideyaları, yüksək səviyyəli elmi tədqiqatın planlaşdırılması, layihələrdə keyfiyyət təminatı, beynəlxalq əlaqələrin qurulması, biznes etikası, elmi tədqiqatlarda innovativ metodlardan istifadə və başqa məsələlər müzakirə olunmuşdur.
Təlim Avropanın müxtəlif ali təhsil müəssisələrinin professorları tərəfindən keçirilmişdir. Təlimin sonunda BDU nümayəndələrinə sertifikatlar təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, sözügedən təlim layihə çərçivəsində təşkil edilmiş ilk treninq deyil. Ötən müddət ərzində layihə çərçəvəsində Hollandiyanın Tvente Universitetində, Almaniyanın Berlin Texniki Universitetində və Estoniyanın Tallin Texnologiya Universitetində də təlimlər təşkil olunmuş və həmin təlimlərdə BDU-nun əməkdaşları iştirak etmişlər.
Bundan başqa həmin müddətdə layihənin Koordinasiya görüşü də keçirilmişdir. Görüş zamanı layihə çərçivəsində görülmüş işlərdən bəhs olunmuş və qarşıda duran məqsəd və vəzifələr müzakirə olunmuşdur.
Həmin müddətdə Berlin Texniki Universitetinin və Humbolt Universitetinin nümayəndələri ilə görüşlər keçirilmiş və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Layihə çərçivəsində Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində GeoNetCast laboratoriyasının yaradılması və kosmik qəbuledicinin istifadəyə verilməsi planlaşdırılır. Qeyd olunan laboratoriyadakı avadlıq peykdən istifadə etməklə ekosistemlərin monitorinqini aparılmasına imkan verəcək. Bu laboratoriyada professor-müəllim heyəti, tələbə və magistrantlar peykdən alınmış məlumatlardan istifadə etməklə tədqiqatlar yerinə yetirəcəklər.


