Coğrafiya fakültəsinin dosenti Rafiq Babayevin 80 illik yubileyi qeyd olunub

16/10/2017

Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasında dosenti Rafiq Babayevin 80 illik yubileyi ilə əlaqədar anım mərasimi keçirilib.  Fakültənin müəllim-tələbə heyətinin iştirak etdiyi anım mərasimində dekan, dosent Şəkər Məmmədova, kafedra müdiri, professorlar - Şövqi Göyçaylı, Tapdıq Həsənov, dosent  Həbibə Soltanova və digərləri xatirələrini bölüşüb, elmi fəaliyyətindən bəhs ediblər.

Bildirilib ki, 1988-2011-ci illərdə Geodeziya və kartoqrafiya kafedrasına t.e.n., dosent Rafiq Əliheydər oğlu Babayev rəhbərlik edib. O, 1965-ci ildə Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu «kartoqrafiya» ixtisası üzrə bitirib, 1977-ci ildə isə həmin ixtisasdan namizədlik dissertasiyası müdafiə etmişdir. R.Babayevin rəhbərliyi ilə 2 elmlər namizədi, 15 magistr hazırlanıb.

Monoqrafiya, 80-dan çox elmi məqalə, tezis, metodik göstəriş və fənn proqramlarının müəllifi olmuş R.Babayevin elmi əsərləri əsasən kartometriyanın nəzəri məsələlərinə həsr olunub. Azərbaycanın landşaft, geomorfologiya, əhali və sənaye xəritələrinin tərtibində həmmüəllif kimi iştirak edib.
Qeyd edək ki,  anım mərasimindən əvvəl fakültə əməkdaşları  mərhumun Goradil qəbiristanlığında məzarını ziyarət ediblər.

 

Bookmark and Share