Coğrafi problemlərin həllində innovativ texnologiyalardan istifadə” mövzusunda tələbələrin elmi konfransı
06/05/2016Coğrafiya fakültəsində Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş “Coğrafi problemlərin həllində innovativ texnologiyalardan istifadə” mövzusunda tələbələrin elmi konfransını keçirilib. Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvi Aydın Kazımzadə tədbiri açaraq müasir coğrafiya sahəsində prioritet məsələləri üzə çıxarmaq, tətbiq istiqamətlərini araşdırmaq, aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini daha da yüksəltmək və əldə olunan elmi nəticələri müzakirə etmək məqsədilə keçirilən konfransı yüksək qiymətləndirib. Prof. A.Kazımzadənin təşəbbüsü ilə konfransı açıq elan etdikdən sonra Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar 1 dəqiqəlik sükutla yad edildi.
Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov coğrafiya elmi sahəsində innovativ texnologiyalardan istifadənin əhəmiyyəti barədə çıxış etmiş, bu sahədə təcrübələrini tələbələrlə bölüşmüşdür. Daha sonra Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri dosent Əfqan Talıbov konfransın məqsəd və vəzifələri haqqında konfrans iştirakçılarını məlumatlandırmış, konfransın təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirmişdir.
Dos. Ə.T. Talıbov konfransda qonaq qismində iştirak edən şəxsləri təqdim etdikdən sonra TEC-in üzvləri tərəfindən hazırlanan “Ekvatordan qütblərə” adlı ilk bülleten haqqında iştirakçıları məlumatlandırdı.
Konfransda qonaq qismində iştirak edən BDU Coğrafiya fakültəsinin Sosial İqtisadi Coğrafiya kafedrasının müdiri prof. Tapdıq Həsənov çıxışında müstəqil Azərbaycanın Coğrafiya elminin gələcəyi olan tələbələrin gördükləri işlərin ölkə üçün vacib olduğunu bildirdi.
Konfransda eyni zamanda Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov, Xarici ölkələrin iqtisadi sosial coğrafiyası kafedrasının müdiri Həbibə Soltanova konfransın keçirilməsi münasibəti ilə iştirakçıları təbrik etdilər və tələbələrin fəaliyyətində uğurlar dilədilər.
Konfransa təqdim edilmiş məqalələr içərisində fərqlənən tələbələrə sertifikatlar, təşəkkürnamələr və eyni zamanda həvəsləndirici sertifikatlar təqdim olundu. Xatırladaq ki, konfransda Bakı Dövlət Universiteti tələbələri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universiteti, Turizm və Menecment İnstitutu, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri də aktiv iştirak etdilər.


