"Azərbaycan Respublikasının iqtisadi rayonlarında davamlı inkişafın coğrafi problemləri" mövzusunda Respublika Elmi Konfransı
30/03/2022Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının iqtisadi rayonlarında davamlı inkişafın coğrafi problemləri" mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Konfrans, Azərbaycan Respublikasının Dövlət Himininin səslənməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə işinə başlayıb.
Konfransı giriş sözü ilə açan Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri dosent Əfqan Talıbov keçirilən konfransın əhəmiyyətindən bəhs edib, konfrasda təqdim edilən mövzuların aktuallığına toxunub.
Coğrafiya fakültəsinin dekanı dosent Şəkər Məmmədova iqtisadi rayonların coğrafi problemlərinin tədqiqatının önəminə diqqət çəkib, tələbələrin elmi fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Sonra Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və fakültə Tələbə Elmi Cəmiyyətinin sədri İmran Bayramov TEC-in yeni layihələri, konfrans materialları və "Ekvatordan Qütblərə" jurnalı barədə çıxış edib.
Konfransın plenar iclasında professor M.H.Qocamanov, dosentlər H.B.Soltanova, S.Q.Nağıyev, Coğrafiya fakültəsinin magistrantı Ş.V.Cabbarova, III kurs tələbəsi N.N.Hüseynli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Ə.V.Məmmədzadə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi F.Ş.Fərzəliyeva çıxış edərək iqtisadi rayonların davamlı inkişafı, su ehtiyyatlarının qiymətləndirilməsi, demoqrafik inkişaf yolları, hidrometeoroloji və ekoloji problemləri, iqtisadi-coğrafi hədəfləri və turizm sahələrinin inkişaf perspektivləri haqda məruzə ilə çıxş ediblər.
Sonra fərqlənən məruzəçilər və Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri Bakı Dövlət Universitetinin təşəkkürnamə və setifikatları ilə təltif olunublar.
Konfrans öz işini bölmələr üzrə davam etdirib.


